Bakı
20.03° Buludlu
Radio Birja
İndi Efirdə 14:05 - 15:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

O-Şoqatsu və ya Yaponiyada yeni il

O-Şoqatsu və ya Yaponiyada yeni il

Yapon dilində O-Şoqatsu adlanan Yeni il yapon təqviminin ən əhəmiyyətli bayramlarından biri hesab edilir. Həmin gün ilin İlahi qüvvəsi hesab olunan Toşiqami-samaya minnətdarlıq ifadə edilir, ondan sağlamlıq və rifah xahiş olunur.

 Yaponiyanın müxtəlif bölgələrində Yeni il adətləri bir-birindən fərqlənir. Lakin buna baxmayaraq, onun mahiyyəti vahid anlayışla - ailənin bir yerə toplaşaraq gələcək planları birlikdə müzakirə etməsi ilə təcəssüm olunur. Uşaqlar üçün isə həmin gün onlara rəngli paketlərin – içərisində pul olan O-toşidama hədiyyəsinin təqdim edilməsi ilə yaddaşlarda qalır.

Saatların milləri gecə saat 12-nin üzərində dayananda bütün yaponlar bir-birini “Akemaşite omedeto!” – “Yeni iliniz mübarək!” sözləri ilə təbrik edirlər.

İlin ilk günü (O-şoqatsu) yaponlar məbədlərə gedərək Toşiqama-samaya - ilin İlahəsinə minnətdarlıqlarını ifadə etmək üçün müxtəlif ayinləri icra edirlər.

İlin başa çatmasına bir neçə gün qalmış yaponlar valideynlərinin yanına yollanaraq, Yeni ili yaxınları ilə birlikdə qarşılayırlar. Bəzi ailələrdə Yeni ili milli geyim olan kimanoda qarşılamağa üstünlük verirlər. Kinoteatrlarda, televiziyalarda, əyləncə parklarında xüsusi bayram əhval-ruhiyyəsi hökm sürür. Yaponiyada Yeni il zamanı bir-birini açıqcalarla - Nenqazo ilə təbrik etmək adəti çox geniş yayılıb.

Burada Yeni ilin ilk günləri Matsu-no-uçi adlanır. Bəzi prefekturalarda ilin bir, digərlərində isə iki həftəsi belə adlanır və bu yanvarın 15-dək davam edir. Yaponiyada yalnız yanvarın 1-i rəsmi bayram hesab edilsə də, Matsu-no-uçinin davam etdiyi günlərdə hər yerdə bayram əhval-ruhiyyəsi hökm sürür. Dövlət məmurları dekabrın 29-dan yanvarın 3-dək istirahət edirlər. Bəzi şirkətlər də bu qaydaya əməl edərək öz işçilərinə 6 günlük istirahət verir. Ticarət mərkəzləri və supermarketlər yanvarın 1-də əsasən bağlı olur, yalnız bəzi kombinilər və ərzaq mağazaları Yeni ildə istirahətsiz işləyir. Yeni il gələn kimi isə ətrafda bayramla bağlı olan bütün əşyalar – küçələrdəki bayram bəzəkləri, bəzədilmiş vitrinlər, hətta televiziyalardakı reklamlar belə öz əvvəlki vəziyyətinə qaytarılır.

Oomisoka adlanan dekabrın 31-i günü yaponlar ilin İlahəsini qarşılamaq üçün son hazırlıq işlərini yekunlaşdırırlar. Tər-təmiz yuyulmuş, parıldayanacan silinmiş mənzilin qarşısında bambukdan və kükünardan hazırlanan kadomatsu yerləşdirilir. Evin girişində gözdəymədən qoruyan şimekazari, ən çox görünən yerdə isə moti düyü topasından və mandarindən düzəldilən kaqami-moçi qoyulur.

Yapon təqviminin ən böyük bayramı hesab edilən Yeni il ilə əlaqədar bir çox qədim adət-ənənələr bu günümüzədək qorunaraq saxlanılıb. Bunların sırasında ən məşhuru və unudulmayanı hatsumade – buddist və ya şintoist məbədində Yeni ilin ilk duasının icra edilməsi dayanır. Həmin duada Allahlara minnətdarlıq və Yeni ildə müdafiə və rifah arzuları öz əksini tapır. Bu ayini yerinə yetirdikdən sonra dua edənlər xüsusi yeşiklərə qəpik pul ataraq, iki dəfə çəpik çalır və əllərini sinələrinin qarşısında birləşdirirlər. Bundan əlavə, məbəddə yeni ilin falını əks etdirən omikuzi biletləri də alınır. Yaponiyada Yeni ilin ilk üç günündə ziyarət olunan məbədlər sırasında Meyci-cinqu, Naritasan-Şinşyoci və Kavasaki-dayşi məbədləri ilk sırada yer alır. Yanvarın 1-dən 3-dək bu məbədlərin hər birini təqribən 3 milyon insanın ziyarət etdiyi deyilir.

Yaponiyada yanvarın 2-si, əsasən Yeni il təbrikləri ilə məlumdur. Həmin gün adi vətəndaşlar İmperator sarayını ziyarət edərək, burada gün ərzində bir neçə dəfə eyvana çıxan İmperator ailəsinin üzvlərini bayram münasibətilə təbrik edirlər. Bu mərasim İppan sanqa adlanır.

Yeni ildə daha bir yapon ənənəsi Hatsuqeyko adlanır. Həmin adət yapon döyüş sənəti növləri olan kyudo (oxatma) və kendo (yapon qılıncı ilə vuruşma) dərslərini ziyarət etməyi nəzərdə tutur.

Bununla yanaşı, ilin ikinci günü yapon kalliqraflar kakicome adlanan ilin ilk kalliqrafiya dərsini keçirlər.

Yaponiyada ilin ikinci günü və ya ikinci gündən üçüncü günə keçən gecə görülən yuxularının da xüsusi adları var. Həmin yuxular hatsuyame adlanır və inama görə bütün il üçün insanın taleyi barədə öncədən xəbər verir. Deyilənə görə, ən uğurlusu yuxuda Fuci dağını, şahin quşunu və ya badımcan görməkdir.

Əvvəllər Yaponiyada Yeni ilin ilk günlərində heç kim işləməz, mağazalar və univermaqlar bağlı olardı. Lakin son illər böyük ticarət mərkəzləri ya Yeni ilin ilk günündə, ya da ikinci gün qapılarını alıcıların üzünə açır və məhz həmin gün Hatsuuri adlanan hərraclar keçirilir. Alıcılara fukubukuro (xoşbəxtlik hədiyyələri) bağlamaları təqdim edilir. Həmin bağlamanın içərisindəki hədiyyələr adi günlərdə olduğundan ucuz qiymətə təklif edilir. Buna görə də həmin gün səhər tezdən mağazaların qapıları qarşısında böyük növbələr yaranır.

Yaponlar Yeni il süfrəsini ənənəvi Oseti yeməkləri ilə bəzəməyi xoşlayırlar. Əslində Oseti-pyori il boyu əziyyət çəkən qadınların əməyini yüngülləşdirmək məqsədi daşıyır və onun hazırlanması zamanı yaponların inamına görə, il boyu uğur və xoşbəxtlik gətirən inqridiyentlərdən istifadə edilir. Həmin dəst bişirilmiş və ya qızardılmış yeməklərdən, tərəvəzdən ibarət olaraq 3-4 və hətta 5 mərtəbəli xüsusi qutulara yerləşdirilir. Ənənəvi oseti dəstinə qədim tarixə malik olan, sağlamlığa, inkişafa və bol məhsul üçün dualarda əks olunan yemək növləri daxil edilir.

Yaponlar Oseti hazır yemək dəstlərini restoranlarda, univermaqlarda və tanınmış aşpazlarda oktyabr ayından başlayaraq sifariş edirlər. Dekabrın 31-də isə supermarketlər və ticarət mərkəzləri alıcılara müstəqil şəkildə Oseti dəsti yığmaq imkanı yaradır. Son illər internet vasitəsilə təklif Oseti dəstlərinin satışını xeyli artırıb. Bununla yanaşı, ənənəvi yapon yeməklərini deyil, eyni zamanda Avropa, Çin və Koreya mətbəxini əks etdirən qeyri-ənənəvi dəstlər də meydana gəlib. Yaponiyada əhalinin sürətlə azalması və orta ömür həddinin uzanması nəticəsində bir və ya iki nəfərlik Oseti dəstlərinin sayı daha çox artıb.

Yaponların Yeni il günlərində istifadə etdikləri qidalar içərisində Zoni – içərisində moçi düyü dairələrinin olduğu suplar da xüsusi yer tutur. Regiondan asılı olaraq, bu yeməyin inqridiyentləri fərqli ola bilər. Belə ki, bəzi regionlarda bu sadəcə bulyon, digərlərində isə toyuq, balıq və ya tərəvəzlərin əlavə edildiyi sup ola bilər. Bundan əlavə, supa əlavə edilən moçilər müxtəlif formada – məsələn şərqi Yaponiyada düzbucaqlı, qərbdə isə dairəvi şəkildə olur. Bundan başqa, bəzi yerlərdə onları qızardırlar, digərlərində isə adi şəkildə supa əlavə edirlər. Xüsusi qeyd etmək lazımdır ki, əgər siz zoni supunun dadına baxmaq istəsəniz ehtiyatlı olmalısınız. Belə ki, son illər Yaponiyada bu yeməklə bağlı çoxsaylı bədbəxt hadisələr qeydə alınıb. Yapışqanlı düyünü udmağa çətinlik çəkən yaşlı insanlar boğularaq dünyalarını dəyişiblər.

Yanvarın 7-də isə Yaponiyada Cincitsu (İnsan günü) qeyd edilir. Həmin gün əsasən nanakusa-qayu adlanan düyü sıyığı yemək adəti var ki, bunun içərisinə də “İmperatorun yeddi xoşbəxt bitkisi” qatılır. Belə güman edilir ki, asanlıqla həzm edilən nanakusa-qayu bayram günləri həddindən artıq yüklənmiş mədəyə istirahət vermək üçün çox faydalıdır. Əvvəllər qış günlərində bitkilər olmadığına görə, hesab olunurdu ki, həmin yeddi bitki növünün yeməyə əlavə edilməsi insanın yeni təbii güc almasına səbəb olur.

Yaponiyada Yeni ildə başlayan ənənəvi bayamlar bir neçə həftə davam edir. Qədim dövrlərdən formalaşdığı kimi, insanlar Allahlardan həmin günlərdə sağlamlıq və xoşbəxtlik xahiş edirlər. Lakin keçmiş insanların müdrikliyinə və təcrübəsinə hörmətlər yanaşaraq, unutmaq olmaz ki, şirin sake və düyü kökələri çox kalorili yeməklərdir və insanı kökəldir. Yaponlar buna Şoqatsu-butori deyirlər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi